İsrail-Fələstin münaqişəsində bu dəfə nələr fəqlidir? - Analiz


Yaxın Şərqdə Qərb dəstəkli İsrail dövlətinin qurulmasından sonra region dini müstəvidə çoxsaylı ərəb-yəhudi toqquşmasının şahidi olmuşdur. Lakin 2021-ci ilin Ramazan ayının sonlarında baş verən toqquşmalar bir neçə xüsusiyyətinə görə əvvəlkilərdən fərqlidir. Bu fərqlilik, eyni zamanda, Yaxın Şərqdə bəzi məsələlərin müəyyən zaman kəsiyində ciddi dəyişikliyə məruz qaldığını göstərir. Hər şeydən əvvəl, daha öncəki toqquşmalardan fərqli olaraq, hazırda İsrail daxilində vətəndaş müharibəsinin olma ehtimalı yüksəkdir. Ramazan ayında İsrail qüvvələrinin  Qəzza zolağında sərt tədbirlərə əl atması daxildəki ərəb vətandaşlar tərəfindən qəzəblə qarşılandı. Artıq İsrailin bir sıra şəhərlərində də yəhudi-ərəb toqquşmasının başladığını görmək mümkündür. Xüsusilə, İsrailin şimalında sünni üçbucağı adlanan bölgələrdə ərəblərin toqquşmalara qoşulacağı halda İsrail təhlükəsizlik qüvvələrinin gücləri parçalanacaq ki, bu da daxildə nəzarətin qismən də itməsinə yol aça bilər. Beləliklə, ilk dəfə olaraq İsrail daxilindəki ərəblərin kütləvi şəkildə etirazlara başlaması İsrail siyasətində də ciddi narahatlıqlar doğurdu. Belə ki, həm İsrail Daili İşlər Nazirliyi, həm də İsrail Prezidenti məsələ ilə bağlı narahatlıqlarını dilə gətirərək, daxildəki vətəndaş toqquşmalarına zəmin hazırlanmamasına diqqət çəkdilər.

 

Digər tərəfdən, İsraillə toqquşmalar daxildə parçalanan Fələstin qüvvələri arasındakı fikir ayrılıqlarının arxa planda qalmasına səbəb oldu. Toqquşmalar çatandan sonra Fələstin daxilində parçalanan qüvvələrin növbəti mərhələlərdə vahid koordinasiya mərkəzindən idarə ediləcəyi də istisna deyil.

 

Hazırkı toqquşmaların ikinci ən böyük xüsusiyyəti Fələstinin daha əvvəl dəstək aldığı ərəb dövlətlərinin yardımlarından məhrum olmasıdır. Bilindiyi kimi, daha əvvəllər Fələstin məsələsinə görə bir neçə ərəb ölkəsi İsrailə qarşı müharibə elan etmiş, sonrakı mərhələlərdə isə fələstinlilərin intifada olaraq adlandırdıqları müqavimət və əks-hücum həmlələrinə dəstək vermişdilər. Bu dövlətlərə Misir, Suriya, İraq və Liviyanı aid etmək olar. Hətta Səudiyyə Əərbistanı və İordaniyanın da müxtəlif illərdə fələstinlilərə ciddi dəstək nümayiş etdirdikləri məlumdur. Lakin hazırda Suriya, İraq və Liviyanın daxili problemlərinin olması, Misirin İsraillə əlaqələrinin normal olması, hətta İsrail-Fələstin toqquşmalarında bitərəf vasitəçi kimi çıxış etməsi Fələstinin ənənəvi ərəb dəstəyindən məhrum olduğunun ən bariz nümunəsidir. Səudiyyə Ərəbistanının isə hazırda əsas təhdid olaraq İsraili deyil, İran və Türkiyəni gördüyü məlumdur.

 

İsrail-Fələstin toqquşmaları, şübhəsiz ki, Yaxın Şərq hadisələrinin ən önəmli parçasıdır. Regionun 2 ən nüfuzlu müsəlman ölkəsi olan İran və Türkiyənin məsələyə həssas yanaşması və ortaq mövqedən çıxış etməsi İsrail-Türkiyə, İsrail-İran rəqabəti baxımından da böyük əhəmiyyət daşıyır. İran istehsalı olan "Bədr" roketlərinin Fələstin qüvvələrində  mövcudluğu, toqquşmaların yekunlaşmasından sonra da İsrail daxilində əsas müzakirə predmentlərindən biri olacaq. İsrailin son dövrlərdə İrana qarşı həmlələri olaraq qiymətləndirilən Süleymani və Fəxrizadənin qətlləri, eləcə də, atom enerji stansiyasındakı partlayışlar bir çoxlarında İranın zəif təəssürat yaratmasına səbəb olmuşdu. Lakin İran istehsalı olan silahların Fələstin qüvvələri tərəfindən İsrailə qarşı istifadə edilməsi, məsələnin düşünüldüyü qədər sadə olmadığını ortaya qoyur. HƏMAS nümayəndəsinin toqquşmaların baş verdiyi bir vaxtda silahlara görə İrana təşükkür etməsi İranın Fələstində təsir qabiliyyətinə malik olduğunu göstərir.

 

Toqquşmalar İranın daxili siyasətində də reformistlərə qarşı mühafizəkarların güclənməsinə yol aça bilər. Xarici siyasətdə güc tətbiqini arxa plana ataraq, danışıqlara üstünlük verən reformistlərdən fərqli olaraq, yeri gəldiyində sərt güc tətbiqinin vacibliyinə inanan mühafizəkarlar, xüsusilə, son toqquşmalarla özlərinin haqlı olduğuna xalqı əmin edə bilər. İranda prezident seçkilərinə az bir müddət qalmış İsrail-Fələstin toqquşmalarının yenidən alovlanması, mühafizəkar bir şəxsin prezident seçilməsinə töhfə verə bilər.

 

İsrail-Fələstin toqquşmalarının digər təsiri İsrail-Türkiyə münasibətlərində özünü göstərəcək. Şərqi Aralıq dənizinin daxili sularla bağlı bölgüsündə Yunanıstana qarşı yalnız qalan Türkiyə son dövrlərdə Misir, Birləşmiş Ərəb Əmirliyi və İsrail ilə əlaqələrin normallaşmasına çalışırdı. Türkiyə Xarici İşlər naziri Mövüd Çavuşoğlu Şərqi Aralıq dənizi məsələsində İsrail ilə də müzakirələr apardıqlarını bir müddət əvvəl qeyd etmişdi. Lakin İsrail-Fələstin toqquşmalarının Türkiyənin İsrail ilə münasibətlərinin normallaşmasını gecikdirəcəyinə şübhə yoxdur. Müsəlman ölkələri ilə hazırda müzakirələr aparan rəsmi Ankara BMT-də də İsrailə qarşı addımların atılmasını hədəfləyir. Lakin bu hədəfin ABŞ tərəfindən qarşısının alınacağı isə bəri başdan məlumdur. Çavuşoğlu 2 gün öncə "Biz məsələni qınayırıq, lakin İslam ümməti bizdən hərəkət gözləyir", - demiş, İsrail tərəfi isə hər hansı xarici müdaxilə olarsa sərt tədbir görüləcəyini bildirmişdi.

 

Nəticə etibarilə, hazırkı toqquşmalar İsraildə vətəndaş müharibəsinə zəmin hazırlayaraq, indi belə olmasa, növbəti illərdə daxili çaxnaşmaya və toplumun tam bölünməsinə yol açacaq. Digər tərəfdən, toqquşmalar Fələstin daxildə birliyin yaranmasına səbəb olsa da, ənənəvi ərəb dəstəyindən məhrumdur. İran istehsalı raketlərin Fələstin qüvvələrində mövcudluğu isə İsrail üçün İran təhdidinin uzaq olmadığını göstərir. Son olaraqsa, Türkiyə-İsrail normallaşması başlamadan sona çata bilər.

 

Hafiz Məmmədov




Mənbə: Eastnews.org Oxunub: 966 dəfə; Tarix: 2021-05-14 09:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!