Ruhani hökumətinin Azərbaycana gecikən dəstəyi – Təhlil


Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən etibarən işğal altında olan Dağlıq Qarabağ bölgəsinin azad edilməsi istiqamətində hərbi əməliyyatlara start verib. Ermənistan ordusunun Azərbaycana təcavüzünə cavab olaraq başladılan əməliyyatlar Cənubi Qafqazda 30 ildən sonra ilk dəfə müharibə küləyini əsdirib. Buna qədər müxtəlif illərdə bir neçə günlük əməliyyatlar təşkil olunsa da, Azərbaycan ordusu ilk dəfə cəbhənin bütün istiqamətlərindən əks hücuma keçərək işğal altındakı torpaqlarını azad etməyə başlayıb.

 

Cavad Zərifin sülh çağırışı

 

Sentyabrın 27-də Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub. İran Xarici İşlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək,  bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd edib. O, gərginliyin azaldılması üçün lazımi addımların atılmasının əhəmiyyətini və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu vurğulayıb.

 

Təbii ki, Azərbaycan tərəfinin işğal altındakı rayonların azad olunması üçün başlatdığı hərbi əməliyyatlar zamanı qonşu İrandan sülh çağırışını alması narazılıqla qarşılandı. Çünki Azərbaycanla qonşu olmayan bir neçə ölkə oldu ki, onlar rəsmi Bakının hərbi əməliyyatlarına aşkar şəkildə dəstək verdilər. Bu səbəbdən İranın əməliyytaların birinci günü Bakını sülhə çağırması Həsən Ruhani hökümətinin Azərbaycandakı nüfuzuna ciddi təsir etdi.

 

İran Ermənistana silah verirmi?

 

İranın Azərbaycanı ilk günlərdə sülhə çağırması Tehranın düşmənlərinin əlində bəhanə verdi və İslam Respublikasının ləkələmək və qaralamaq üçün hərəkətə keçirdi.

 

Məhz bundan sonra İranın Ermənistana silah ötürməsi, verməsi və sərhədini İrəvanın ixityarına verməsi ilə bağlı gülünc, əsassız və ən  əsası saxta məlumatlar yayılmağa başladı. Saxta məlumatlar sosial şəbəkə, ciddi informasiya saytları və kanallarda işıqlandırılmağa başladı. Təbii ki, İranın Azərbaycandakı səfirliyi buna gec də olsa, reaksiya verdi və iddiaların əsassız olmasını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı.

 

Əslində İranın Ermənistana silah verməsi iddiası gülüncdür. Çünki Ermənistan texnika, silah-sursat və digər hərbi təyinatlı sifarişlərini məhz Rusiyaya sifariş verir. Moskva havayı, ucuz qiymətə və müxtəlif  kredit şərtləri ilə Ermənistanı kifayət qədər silahlandırır. Belə olan təqdirdə İranın Ermənistana silah verməsi iddiası yalan olmuş olur.

 

İranın Ermənistanla sərhədi açıqdırmı?

 

Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirdiyi bir vaxtda İranın öz ərazisindən Ermənistana silah buraxması ilə bağlı iddilar da böyük səs-küy yaradıb. İranla bağlı düşmənçilik toxumu səpən qüvvələrin əsas sözü bu idi ki, Nurduz keçid məntəqəsindən Ermənistana müxtəlif təyinatlı hərbi sursatlar daşınır.

 

Əslində bu iddialarla bağlı yenə də məqsədli şəkildə saxta, bir neçə ay bundan əvvəl baş vermiş hadisələrin foto və videosundan istifadə olundu. Sanki İranın Azərbaycan ostanında insanlar etiraza qalxır, yük maşınlarının qarşısını kəsir, onları yandırır və etiraz aksisyaları keçirirlər. Lakin həqiqətdə bunların heç biri baş verməmiş və İran əleyhinə düşmən obrazı yaradılmışdı.

 

İranın Xarici İşər Nazirliyi, Gömrük İdarəsi və Azərbayacandakı Səfirliyi rəsmi bəyanatlar verərək Ermənistana heç bir silah-sursatın buraxılmadığını açıqladılar. Ermənistanın Rusiyadan sifariş verdiyi və Bəndər-Ənzəli limanından Nurduz keçidinə və oradan da Ermənistana aparılması planlaşdırılan kamaz yükləri məsələsinə gəlincə, bu maşınlarda heç bir hərbi yük və silah olmadığı rəsmi şəkildə bəyan edildi. Həmin yük maşınlarının araşdırılması üçün Nurduz keçidində saxlanıldığını bildirildi.

 

Ruhani hökumətinin gecikən dəstəyi

 

İran İslam Respublikasının Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı mövqeyi hər zaman rəsmi Bakı tərəfindən alqışlanıb. Çünki İran daima Azərbayacanın ərazi bütövlüyünü tanımış və bu istiqamətdə istər BMT, istərsə də digər təşkilatlarda dəstəyini əsirgəməyib. Lakin bütün bunlara rəğmən İranın hazırkı dövlət başçısı Həsən Ruhaninin Azərbaycanın ən həssas bir dönəmində dəstək açıqlamaları bir qədər gecikmiş olub.

 

İranın ruhanilər dairəsi Qarabağda döyüşlərin getdiyi bir vaxtda dəstəyini bəyan etsə də, rəsmi hökumət dairələrinin dəstəyi bir qədər gec gəldi. İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Ərdəbil, Zəncan, Şərqi-Azərbaycan və Qərbi-Azərbaycan üzrə nümayəndələri cari Qarabağ döyüşləri və Azərbaycan Ordusunun əks hücumu ilə bağlı birgə bəyanat verməsi  buna sübutdur. Həmçinin Ali lider Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayətinin “Ermənistan işğal edilmiş ərazilərdən çıxaraq beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərə qayıtmalıdır. Azərbaycanın şəhərləri işğal edilib və bu barədə 4 beynəlxalq qətnamə var. Bu o deməkdir ki, ermənilər Azərbaycanın işğal edilən ərazilərini boşaltmalı və qaytarmalıdırlar. Bir milyondan çox Azərbaycan qaçqını öz evlərinə dönməlidirlər. Biz Fələstin ərazilərinin sionist rejimi tərəfindən işğal edilməsinə müxalif olduğumuz kimi burada da həmin mövqedəyik” çıxışını da buna misal gətirmək olar.

 

İran Prezidenti Həsən Ruhani isə Azərbaycan Prezidenti İlham Əliyevə iki gün öncə zəng edərək cəbhədə baş verənləri müzakirə edib. Nəzərə almaq lazımdır ki, istənilən halda İran heç də Azərbaycanın düşməni deyil, əksinə ən yaxın müttəfiqi, tərəfdaşı və etibarlı qonşusudur. İranın Ermənistana sialh göndərməsi ilə bağlı məlumatların məqsədli şəkildə yayılması da, rəsmi Tehranı gözdənsalmaq məqsədi daşıyır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qeyd edib ki, İran rəsmiləri Azərbaycanın haqq işini dəstəkləyiblər: "Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar veriblər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir".

 




Mənbə: Eastnews.org Oxunub: 825 dəfə; Tarix: 2020-10-08 10:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!