Liviyada qüvvələr balansı, hədəflər və mümkün nəticələr - Təhlil


Hazırda Liviyada davam edən toqquşmalarda Milli Razılıq hökuməti qüvvələrinin təşəbbüsü ələ alaraq sürətlə irəlilədiyi müşahidə olunur. Birləşmiş Ərəb Əmirliyi, Misir və Rusiya tərəfindən dəstəklənən təqaüddə olan üsyançı general Haftara tabe qüvvələrin, paytaxt Tripolini ələ keçirmək üçün 14 ay əvvəl başlatdığı hücumlar nəticəsiz qaldı. Belə ki, bir neçə gün əvvəl hökumət qüvvələri paytaxtla yanaşı, paytaxta bağlı olan bütün qəsəbə və rayonları nəzarətə götürdüyünü açıqladı. May ayının 5-də isə Haftar qüvvələrinin qərb əməliyyatlarında əsas mərkəz hesab olunan Tərhuna şəhəri və ətrafı da hökumət qüvvələri tərəfindən ələ keçirildi. Uzun müddətdir, Liviya Baş Naziri Fayiz əl-Sərracın sülh danışıqlarını rədd edərək özünü bütün Liviyanın “qanuni lideri” elan edən general Haftar, son bir ay ərzində qarşılaşdığı ağır məğlubiyyətdən sonra sülh danışıqlarının bərpası üçün hazır olduqlarını rəsmi olaraq elan etdi.  

Cari ilin 6 iyun tarixində Qahirədə Misir prezidenti ilə görüşən Haftar, 8 iyundan başlayaraq bütün Liviyada atəşkəs rejiminə əməl olunması üçün çağırış etdi. Görüş sonrası isə Liviyada Tobruq şəhərində qurulan və Həftara yaxınlığı ilə bilinən Tobruq Təmsilcilər Məclisinin sədri Aqilə Saleh ilə birgə sülh müzakirələri üçün yol xəritəsi hesab etdikləri “Qahirə deklarasiyası”nı elan etdi. Lakin mərkəzi hökumət, bu deklarasiyanı rədd edərək hərbi əməliyyatlara davam edəəcəyini bildirdi. Sadəcə bir neçə ay əvvəl olduqca ağır vəziyyətdə olan mərkəzi hökumətin hazırda təşəbbüsü ələ almasında bir neçə önəmli faktor mövcuddur. Bunlara Türkiyə müdaxiləsi, ölkədəki qəbilələrin mövqeyi, general Haftarın yanlış strategiyasını nümunə gətirmək olar.


Türkiyə Müdaxiləsi
 

Liviyada Milli Razılıq hökumətinin ardıcıl irəliləməsində ən önəmli amil Türkiyə müdaxiləsi oldu. Türkiyə ilə Liviya arasında 27 noyabr 2019-cu il tarixində imzalanan “dəniz sərhədlərinin müəyyənləşdirilməsi aktı” sonrasında Türkiyənin Liviyada mərhələli şəkildə fəaliyyəti nəticəsində Haftar qüvvələrinin lehinə olan vəziyyət balanslaşmağa başladı. Bu aktın tərkib hissəsi olan təhlükəsizlik məsələlərində əməkdaşlığın artması nəticəsində Türkiyə Liviyaya hərbi nümayəndə heyəti göndərdi. Qısa müddət ərzində Türkiyəyə məxsus silahlı pilotsuz uçuş apparatları (PUA) Liviya ətrafında cəmlənən Haftar qüvvələrinin şəhəri ələ keçirməsini əngəlləyərək, dəstək üçün göndərilən silah-sursat karvanlarını məhv etdi. Liviya Daxili İşlər Naziri Fəthi Başağa, Türkiyənin dəstəyinin ən önəmli bir vaxtda gəldiyinə diqqət çəkmişdi. PUA-ların mövqe müharibəsində aktiv şəkildə istifadə edilməsi, Tripoli mühasirəsində iştirak edən rus muzdlu Vaqner dəstələrinin də ölkənin cənubuna doğru  geri çəkilməsinə  səbəb oldu. Liviya Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda 1500-1700 arası Vaqner döyüşçülərinin təyyarələrlə ölkənin şərqinə daşındığı qeyd edilir. Düz səhra relyefinin üstünlük təşkil etdiyi Liviyada, qurudakı qüvvələrin asan bir şəkildə havadan hədəfə alına bilməsi, Tripoli mühasirəsinin yarılmasında böyük əhəmiyyət daşıdı. Haftar qüvvələrinin Çad və Sudandan muzdlu döyüşçüləri gətirməsi ilə, Türkiyə də mərkəzi hökumətə dəstək məqsədilə Suriyada özünə sadiq qüvvələrin bir qismini dəstək olaraq Liviyaya göndərdi.


Digər tərəfdən, Türk dəniz donanmasının Liviya sahillərinə göndərilməsi və döyüşə hazır vəziyyətə gətirilməsi də çəkindirici qüvvə olaraq böyük əhəmiyyət daşıdı. Belə ki, Tripoli və ətraf bölgələrinin 70%-nə yaxın hissəsi bu gəmilərin elektronik sistemləri tərəfindən qismən də olsa uçuşlara qarşı blok edilmişdi. Qeyd edək ki, həmin gəmilər 7 iyun tarixində Haftar qüvvələrinə məxsus 2 silahlı PUA-nı da vuraraq zərərsizləşdirmişdi.  Bütün bunlardan əlavə, Türk tərəfinin T-122 Sakarya roket sistemləri başda olmaqla, mərkəzi hökumətə müxtəlif silahlar göndərməsi ərazidə qüvvələr balansı yaranmasına böyük töhfə verdi.


Qəbilələrin önəmi
 

Liviyada tərəflər arasındakı toqquşmalarda qəbilələrin mövqeyi də böyük əhəmiyyət kəsb edir. Müxtəlif şəhərlərdə mövcud olan ağsaqqallar heyətinin qərarı, silahlı qruplarla döyüş olub olmayacağı ilə bağlı yekun nəticədə həlledici qərar olur. Qeyd edək ki, cari ilin əvvəlinə qədər Milli Razılıq Hökuməti, ağsaqqallar heyətinin önəmini gözardı etmiş, hətta onları tərəf kimi qəbul etməkdən boyun qaçıraraq danışıqlar aparmamışdı. Bunu böyük fürsət olaraq görən Həftar isə, müxtəlif şəhərlərdəki ağsaqqallar heyəti ilə danışıqlara başlayaraq müəyyən güzəştlər qarşılığında onları özünə tərəf çəkə bilmişdi. Məhz bunun nəticəsi idi ki, Haftar qüvvələri ölkənin cənub və mərkəzi hissələrində demək olar ki, ciddi müqavimətlə qaşılaşmadı. Digər tərəfdən, mərkəzi hökumətin qəbilələrlə yaşadığı problemlər sonrası paytaxt Tripolini içməli su ilə təmin edən  şirin su qaynaqları da vaxtaşırı qəbilə nümayəndələri tərəfindən kəsilirdi. Lakin cari ilin əvvəlindən etibarən mərkəzi hökumət öz mövqeyində dəyişikliyə gedərək, şəhər ağsaqqalar heyəti ilə əlaqə yaratmağa başladı. Özlərinin məhdud qüvvələri ilə daha çox güclü tərəfin yanında yer alan bir sıra şəhərlərdəki ağsaqqallar heyəti, mərkəzi hökumətin uğurlu əməliyyatlarından sonra Haftar qüvvələrinə qarşı çıxmağa başladılar. Nəticə etibarı ilə, ciddi sosyal dayağı olmayan Haftar qüvvələri geri çəkilməyə məcbur oldular.


Digər tərəfdən, Liviyanın şərqindəki qəbilələrdən toplanaraq ölkənin qərbinə döyüşmək üçün göndərilən bir çox gəncin ailəsi və aid olduğu qəbilə də Haftara qarşı etriazlara başladı. Başlanğıcda general Haftarı açıq şəkildə dəstəkləyən Tobruq təmsilçilər məsclisi sədri Əqilə Saleh də Haftarın bu strategiyasına qarşı çıxaraq onun güc yolu ilə iqtidara gəlmə istəyini qınamış, sülh danışıqlarının vacibliyinə diqqət çəkmişdi. Qeyd edək ki, Qahirə görüşünün əsas hədəflərindən birincisi Misir prezidenti Sisinin, general Haftarı və Əqilə Salehi ortaq məxrəcə gətirməyə çalışması idi.


Hədəflər və mümkün nəticələr


Liviyada döyüşlərin dolayı yolla tərəfi olan Türkiyə, Rusiya, Misir və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin müxtəlif hədəfləri mövcüddur. Türk tərəfinin əsas hədəfi mərkəzi hökumətin varlığını qoruyaraq Aralıq dənizində özünə müttəfiq qazanmaqdır. Misir-İsrail-Yunanıstan üçlüyü qarşısında Türkiyə özünə etibarlı bir müttəfiq axtarırdı. Yuxarıda adı çəkilən ittifaq ölkələrinin dəniz sərhədlərini müəyyənləşdirmələri üçün qarşılıqlı müqavilələr imzalaması sonrası, bənzər müqaviləni də Türkiyə Liviyada mərkəzi hökumətlə imzaladı. Türkiyə-Liviya müqaviləsində də göründüyü kimi, iki ölkənin dəniz sərədləri yalnız Liviyanın şərq hissəsi ilə mövcuddur ki, həmin hissə də hazırda Haftar qüvvələrinin nəzarətindədir. Məhz buna görə, Türkiyə tərəfi mərkəzi hökmətin bütün Liviya torpaqlarında hakim olması üçün böyük səy göstərir. Türkiyənin ikinci əsas hədəfi isə özünün enerji təhlükəsizliyini təmin etməkdir. Liviya ilə enerji sahəsində də əməkdaşlıq edən rəsmi Ankara, xüsusilə, təbii qaza olan tələbatını daha əlveriişli br yerdən əldə etməyi və Rusiyaya olan qismi bağlılığı da azaltmağı hədəfləyir. Digər tərəfdən, Liviyada hərbi varlığını artıraraq uzun müddətdir problemlər yaşadığı Misirdəki Sisi hökumətini mühasirə çəmbərinə almağı planlayır. Qeyd edək ki, Türkiyə Sudan və Efiopiya üzərindən də Misirlə dolayı mübarizə aparır.


Rusiyanın əsas hədəfi isə Liviyada hərbi bazaya sahib olmaqdır. Aralıq dənizində Suriyadan sonra Liviyada da baza qurmağı planlaşdıran rəsmi Moskva, bununla da NATO-nu bir addım daha irəlidə qarşılamaq istəyir. Liviya mərkəzi hökuməti tərəfindən edilən rəsmi açıqlamada, Rusiyanın Aralıq dənizi sahilindəki Liviyanın Siirtə liman şəhərində hərbi baza qurmağı hədəflədiyi qeyd olunur. ABŞ-ın Afrika hərbi komandanlığı da (AFRICOM) Liviyada Rusiyaya məxsus yenidən boyanmış döyüş təyyarələrini müəyyən etdiklərini bildirərək bunu ciddi bir təhdid olaraq xarakterizə ediblər. Qeyd edək ki, Liviya məsələsində təmkinli davranan Rusiya, NATO-nun açıq şəkildə üstün olduğu bir bölgədə diqqət çəkməməyə çalışır. Hazırda xüsusilə də, Fransanın mövqeyinə görə fikir ayrılığı yaşayan NATO-nun verəcəyi qətiyyətli bir qərar, Rusiya qarşısında çəkindirici bir güc ola bilər. Əgər bu fikir ayrılığı səbəbilə ciddi bir qərar qəbul olunmazsa, Rusiyanın öz hədəfinə çatmasında əsas əngəl aradan qalxmış olacaq.


Misir və Əmirliklərin Liviyada əsas hədəfi Türkiyəni Liviyadan çıxartmaq və özlərinə yaxın hökuməti iqtidara gətirməkdir. Ən son məlumatlara əsasən, Misir ordusu Liviya ilə sərhəddə ağır texnika yığmağa başlayıb. Xüsusilə də, Liviyanın mərkəzindən Qərbinə doğru uzanan zəngin neft yataqlarının Misir tərəfindən qırmızı xətt olaraq qəbul edildiyi güman edilir. Misir ordusunun hərəkətə keçməsində əsas hədəf heç şübhəsiz ki, təşəbbüsü ələ alan Liviya mərkəzi hökumətini danışıqlar masasına oturmağa məcbur etməkdir. Döyüş meydanında ciddi uğursuzluqlarla qarşılaşan general Haftar isə, Misir-Rusiya-Birləşmiş Əmirliklərin dəstəyi ilə danışıqlar masasından daha güclü ayrılmağı planlayır. Hazırda danışıqları rədd edən mərkəzi hökumət, Haftarı dəstəkləyən ölkələrin təzyiqi ilə müzakirə masasına otura bilər.


Son olaraqsa, general Haftarın ciddi strateji səhvlərə yol verdiyini qeyd etməliyik. Paytaxt Tripoliyə qədər irəliləyən Haftar qüvvələri, mərkəzi hökumətin danışıqlar təklifini rədd edərək paytaxtı bombalamış və ilk əvvəl özü sülh yolu ilə problemin həllini qəbul etməmişdi. Digər tərəfdən, general Haftarın heç bir seçkiyə getmədən özünü bütün Liviyanın qanuni lideri elan etməsi, onun nüfuzunun azalmasına səbəb oldu. Bütün bunları nəzərə alaraq, Haftarı dəstəkləyən qüvvələr sülh danışıqlarında onu arxa plana ataraq sülh danışıqlarına daha çox önəm verən Aqilə Salehi ön plana çıxarda bilərlər. Lakin danışıqların qısa müddətdə uğurla yekunlaşması hələ ki gözlənilmir.


Hafiz Məmmədov




Mənbə: Eastnews.org Oxunub: 1234 dəfə; Tarix: 2020-06-09 10:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!