Neft ölkələrinin müharibəsi: Kim qalib çıxacaq? - Təhlil


Öncə koronavirus epidemiyası, ardınca isə neftin qiymətinin 30 dollara düşməsi dünyada şok effekti yaradıb. Bir sıra ölkələr böhran elan edib, şirkətlər isə iflasa uğrayıb. Belə demək mümkünsə, dünya ucuz neft dövrünə qayıdıb. Ən böyük istehsalçılar qiymətlərin uzun müddət azalması ilə nəticələnən hasilatı artırmaq niyyətindədir. İndi hamını bir sual maraqlandırır ki, mövcud vəziyyətə kim tab gətirə biləcək? Hansı ölkə neft qarşıdurmasından qalib çıxacaq? Bu dəfəki mövzumuda buna aydınlıq gətirməyə çalışacağıq.


Səudiyyə rəhbərliyinin Rusiya qarşısında həmləsi
 

Son günlər “qara qızıl” bazarı ABŞ-ın 1991-ci ildə İraqa hücumundan bəri ən böyük şokunu yaşayıb. Rusiyanın hasilatı azaltmaqla bağlı OPEK-lə saziş imzalamaqdan imtina etməsinə cavab olaraq Səudiyyə Ərəbistanı da öz neftinin qiymətini 6-10 dollar civarında endirib. Həmçinin çərşənbə axşamı günü ər-Riyad istehsal səviyyəsini fevral ayı ilə müqayisədə 26% artırmaq niyyəti barədə ictimaiyyəti məlumatlandırıb.


Səudiyyə Ərəbistanı rəhbərliyinin istehsal və ticarətini böyük həcmdə artırmaq qərarı açıq şəkildə "Rusiyanı cəzalandırmaq" cəhdi kimi qiymətləndirilir. Buna qədər Səudiyyə Ərəbistanı əsas ölkələrlə əməkdaşlığı təşviq etməklə neft bazarındakı mövqeyini və gəlirlərini qoruyurdu. Hazırda Səudiyyə rəhbərliyi bu şərtlərin tam əksinə olaraq Moskva və Vaşinqton arasında gedən soyuq müharibədə tərəf kimi özünü göstərməyə başlayıb.


Rusiya nə üçün neftin ucuzlaşmasına getdi?


Rusiyanın neftin ucuzlaşması məsələsində reaksiyası olduqca təbiidir. ABŞ-ın Rusiyanın enerji şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar, "Rosneft"in ticarət bölgəsindəki fevral məhdudiyyətləri, həmçinin "Şimal Axını-2" boru kəmərinin tamamlanmasına mane olmaq cəhdləri Kremlin qəzəbinə səbəb olub.


Bir məsələ də var ki, OPEK illərdir böhran içindədir. Təşkilatı uzun illər ayaqda saxlayan Rusiyanın öz geostrateji hədəflərinə çatması müqabilində neft hasilatı ilə bağlı güzəştə getməsi olub. Moskva artıq neft ixrac edən ittifaqı qorumaqda maraqlı deyil. Kreml güc nümayiş etdirmək üçün ən yaxşı anı seçib. Dünyanın koronavirus pandemiyası ilə üz-üzə olduğu bir vaxtda neftin qiymətinin aşağı düşməsi OPEK üzvlərini heç də qane etmir.


Rusiya onu dünyadan təcrid etmək etmək istəyən ABŞ-a İran, İraq, Suriya, Ukrayna, Yəmən, Venesuela və Əfqanıstanda böyük zərəbələr endirib. Hazırda Vaşinqtona yaxın OPEK təşkilatına zərbə endirir ki, bununla da dünyaya öz gücünü nümayş etdirir.


Neft qiyməti döyüşündən kim qalib çıxacaq?


Neft bazarında baş verən qiymət müharibəsi daha güclü olan deyil, daha uzun müddət tab gətirə bilən cazibə müharibəsidir. Bu baxımdan analitiklər Səudiyyə Ərəbistanının mövqeyini kifayət qədər zəif hesab edirlər. Səudiyyənin nefti rekord qiymətə - bir barrel üçün 3 dollara düşə biləcəyi güman edilir. Bununla belə "qara qızıl"ın satışından əldə edilən gəlirlər əsasında ölkənin dövlət büdcəsi bir barrel üçün 85 dollar nəzərdə tutulub. Yəni neft sənayesi ölkənin büdcəsini təşkil edəcək, amma bütövlükdə ölkə çox tez iflas edəcək.


Səudiyyə Ərəbistanının şişirdilmiş büdcəsi çox yüksək xərcləri olan bir istehsalçıya, az davam gətirəcək oyunçulardan birinə işarə edir. Bundan əlavə, ər-Riyad Yəməndə dağıdıcı və şiddətli hərbi qarşıdurmada iştirak edir və 6 martda kral ailəsinin bir neçə üzvü Səudiyyə Ərəbistanında xəyanət şübhəsi ilə tutulub.


Neftin ucuzlaşmasından sonra hərrac zamanı Səudiyyə Ərəbistanına məxsus "Saudi Aramco" neft korporasiyasının səhmləri də maksimum səviyyədə 10% düşüb. Hərrac zamanı bir kağız 27 rial (7.2 dollar) səviyyəsinə çatıb.


Neftin ucuzlaşmasından əziyyət çəkən tərəflər


Neftin 30 faiz ucuzlaşması fonunda "Chesapeake Energy" şirkətin səhmləri 27,5%, EOG - 35%, "Continental Resources" - 40%, "Diamondback Energy" - 44,6%, "Marathon Oil" - 47%, "Apache" və digər şirkətlərin isə 50% -dən çox azalıb. ABŞ-ın şist sektoru az qala çöküb. Bazarda böyük itki hökm sürür. Milyardlarla dollar kapitaldan yuyulub.


Ənənəvi neft və qaz şirkətləri də çöküşdən qaçmayıb: "Exxon Mobile" - 12,2%, "Chevron" - 15,3%, "Occidental Petrol" - 44% səhmələri düşüb. "British Petroleum"un səhmləri isə 10 il əvvəl Meksika körfəzində baş verən qəzadan da acınacaqlı 20% dəyərini itirib.


Müqayisə üçün bildirək ki, çərşənbə axşamı Rusiya istehsalçılarının səhmləri 12-14% azalıb. Qərb ekspertlərinin fikrincə, bu gün aşağı neft qiymətləri üçün ən yaxşı hazırlaşan Rusiyadır. Rusiya şirkətlərinin istehsal xərcləri çox azdır. Vergi ödədikdən sonra belə, ən yaxşı satış nöqtəsi bir barel üçün 20 dollar civarındadır. Rusiyanın tədarük müqavilələrinin əksəriyyəti indi dollarla deyil, rubl, yuan və avro ilə bağlanır. Bu da valyuta risklərini azaldır. Və bu faydalar illərlə davam edəcək. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, Milli Sərvət Fondunun (NWF) likvidliyi, altı ildən on ilədək neft qiymətlərinin düşməsindən bir barel üçün 25-30 dollara qədər büdcə itkisini ödəmək üçün kifayətdir.


ABŞ və Rusiya qarşıdurması göründüyü kimi təkcə ölkələrdə inqilablar, hakimiyyət dəyişiklikləri, silahlı münqaişələr və sanksiyalarla deyil, həm də neftin qiyməti fonunda gedir. Bu qarşıdurmada ABŞ hər dəfə olduğu kimi özünə qurban seçib. Bu dəfəki qurban isə Səudiyyə Ərəbistanıdır. ABŞ-a arxalanaraq Rusiya ilə başabaş gələn ər-Riyad çox güman ki, bu qarşıdurmadan ən böyük məğlub tərəf olacaq.


Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı qonşusu Yəmənə müdaxiləsi zamanı böyük itkilər verir və tez-tez həmin ölkədən Səudiyyənin neft sənayesi hücumlara məruz qalır, bu səbəbdən Husilərə qarşı Rusiyanın kiçicik silah dəstəyi Səudiyyə Ərəbistanında xaosun hökm sürməsinə səbəb olacaq.


Hüseyn Abdullah




Mənbə: Eastnews.org Oxunub: 779 dəfə; Tarix: 2020-03-13 13:37
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!